
NATO-nun 2014–2024-cü illərdə baş katibi olan Yens Stoltenberq bildirib ki, 2018-ci ildə ABŞ Prezidenti Donald Trampın üzv ölkələrin müdafiə xərcləri ilə bağlı narazılığı səbəbindən alyansın dağılma riski yaranmışdı.
Bu barədə The Guardian yazıb. Nəşri onun kitabından bəzi sitatları dərc edib.
Stoltenberq kitabında bildirib: “Bəlkə də bu, NATO-nun dağılacağı ilə bağlı bir addım idi. Alyans 70 il uğurla fəaliyyət göstərmişdi, amma 2018-ci il 12 iyuldan sonra bu dəyişə bilərdi. Tramp NATO ölkələrinin liderlərini hərbi xərcləri artırmaq istəmədiklərinə görə, mütəmadi olaraq tənqid edirdi. Alyansın 2018-ci il 12 iyul tarixli sammitində Tramp müdafiə xərcləri üçün 4% ÜDM hədəfi müəyyən edilməsini tələb etmiş və görüşü tərk etmək niyyətində olduğunu bildirmişdi”.
Stoltenberq Trampın sözlərini belə sitat gətirib:
“ABŞ-ın NATO-ya ehtiyacı yoxdur. Mənə lazım olmayan bir təşkilat üçün niyə pul ödəməyə davam etməliyəm?”.
O qeyd edib ki, ABŞ prezidenti seçildikdən sonra Tramp bəyan etmişdi ki, NATO-nun “problemləri var” və “bu, köhnəlmiş bir təşkilatdır”. O həmçinin iddia edirdi ki, üzv ölkələr maliyyə öhdəliklərini yerinə yetirmirlər, bu səbəbdən ABŞ daha çox məsuliyyət daşımaq məcburiyyətində qalır.
.