Bu gün Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ofisində “Müharibə və soyqırım cinayətləri beynəlxalq hüquq kontekstində” adlı dəyirmi masa keçirilib. 

İcma sədri Tural Gəncəliyev bildirib ki,  dəyirmi masada beynəlxalq cinayətlər çərçivəsində soyqırım cinayəti və ümumiyyətlə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi konteksində Azərbaycan xalqına qarşı törədilmiş müharibə cinayətlərinin beynəlxalq hüquq konteksində yeri müzakirə ediləcək. 

Deputat Nizami Səfərov  bildirib ki, Prezident İlham Əliyev ermənilərin Azərbaycan xalqına qarşı silsilə beynəlxalq cinayətlər törətdiyini dəfələrlə qeyd edib: "Soyqırım cinayəti, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri. Bu məsələyə həm siyasi, həm də hüquqi müstəvidə qiymət verilməsi mühüm əhəmiyyət daşıyır. 1918-ci il 30 mart-3 aprel tarilərində erməni milliyyətçiləri və onlara yardımçı olan sovet ordusu Azərbaycanın bir sıra bölgələrində soyqırım aktları törədib. Ümumiyyətlə, beynəlxalq hüquqda hazırda 4 beynəlxalq cinayət mövcuddur: soyqırım, təcavüz, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri. Soyqırım beynəlxalq cinayətlər içərisində ən ağır cinayətdir”. 

 Dəyirmi masada çıxış edən deputat Nigar Arpadarai bildirib ki, Ermənistanın məsuliyyətə cəlb olunması üçün birgə çalışılmalıdır: “Ermənilərin Azərbaycana qarşı etdikləri birdəfəlik akt deyil. Onlar sadəcə Xocalı soyqırımı etməyiblər. Bu, 200 illik siyasətin bir hissəsidir. İkinci Qarabağ müharibəsindən sonra biz onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün çox çalışmalıyıq və çalışacağıq. Bizim diplomatlarımızın görəcəyi iş çoxdur”.

Deputat Vüqar İskəndərov isə qeyd edib ki, lazım olan anlarda BMT, dünya birliyi reaksiya veriri və bəzi məsələlər həllini tapır: “Çox təəssüflər olsun ki, Azərbaycanla bağlı bu edilmir. İkili standartların şahidi oluruq. Biz hələ də dünyadan ədalət gözləyirik”.

.