"Ermənistanda texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) hazırda da fəaliyyət göstərməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. Bu isə o deməkdir ki, regionun hər bir ölkəsi Çernobıl və Yaponiyanın Fukuşima AES-lərinin aqibətini yaşamaq riski ilə üz-üzədirlər".

Bu sözlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına növbəti dəfə ünvanladığı müraciətdə öz əksini tapıb.

Qeyd edilib ki, müxtəlif beynəlxalq təşkilatların və atom sahəsi üzrə mütəxəssislərin artıq istismar müddəti bitmiş “Metsamor” AES-i “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırmır, əksinə onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılıb.

"Yeri gəlmişkən, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin (Aİ Komissiyasının) Ermənistan üzrə tərəfdaşlığın implementasiyası haqqında 2022-ci il 17 may tarixli hesabatında da qeyd edilmişdir ki, “Metsamor” AES nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş standartlara tam cavab verəcək formada təkmilləşdirilə bilməz və buna görə də onun bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur", - Azərbaycan Ombudsmanının müraciətində vurğulanıb.

Qeyd edək ki, müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

.