Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 27 il keçir. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasi xadim Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov söyləyib.

Deputat qeyd edib ki, “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Ulu Öndərin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq layihə həyata vəsiqə aldı.

Ulu Öndər böyük uzaqgörənliklə “Əsrin müqaviləsi”nin qarşıdakı inkişaf yolunun, nəhəng işlərin başlanğıcı olduğunu demişdi. Zaman göstərdi ki, bu, həqiqətən də, gələcək əsrlərə hesablanmış bir sazişdir. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.

A.Məmmədov diqqətə çatdırıb ki, “Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan bəri Azərbaycanda ən müasir və zəngin neft-qaz infrastrukturu da yaradılıb. Çoxsaylı tikinti-quraşdırma sahələri, terminal və ixrac kəmərləri, digər obyektlər “Əsrin müqavilə”sinin və ondan sonrakı sazişlərin reallığa çevrilməsində mühüm rol oynayıb. 2017-ci il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması isə deyilənləri bir daha təsdiq etdi.

Deputatın sözlərinə görə, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin, “Yeni əsrin müqaviləsi”nin və neçə-neçə digər layihənin gerçəkləşməsi Azərbaycanın neft-qaz strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam və getdikcə inkişaf etdirilməsinin bariz nümunəsidir. “Yeni əsrin müqaviləsi” - “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi çərçivəsində bir neçə istiqamətdə iş aparılır. COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, işlər vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz icra edilir.

“Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bütün bu qazanılan nailiyyətlər onu göstərir ki, “Əsrin müqaviləsi” imzalanandan bu günə qədər ulu öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır”, - deyə A.Məmmədov qeyd edib.

.