Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubu hücumçu Kriştianu Ronaldu ilə bağlı qalmaqal barədə bəyanat yayıb.

Bu barədə Yenizaman xarici mətbuata istinadən xəbər verir.

“Ronaldu zədələnib. Onun “Əl-Hilal”ın futbolçusu Qustavo Kuellar ilə toqquşması çox həssas nahiyədə zərbə almasına səbəb olub. Bu, təsdiqlənmiş məlumatdır. Azarkeşlərin izahatlarına gəlincə, onlar istədiklərini düşünməkdə azaddırlar”, - klubunun açıqlamasında deyilir.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanından deportasiya oluna biləcəyi barədə xəbər yayılıb. Məlumata görə, buna səbəb portuqaliyalı futbolçunun "Əl-Hilal"a 0:2 hesabı ilə uduzduqları çempionat oyunundakı davranışıdır.

İddia edilirdi ki, hücumçu meydançanı tərk edərkən "Messi" şüarları səsləndirən rəqib komandanın azarkeşlərinə qeyri-etik jest edib.

Nuf ibn-Əhməd adlı vəkil Ronaldunu məhkəməyə verdiyini açıqlayıb.

Qeyd edək ki, Ronaldu Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 11 matçda iştirak edib, 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

.