Bu gün Azərbaycan Milli Kitabxanasında “Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” mövzusunda geniş kitab sərgisinin açılış mərasimi və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab kataloqunun təqdimatı olub.

Tədbir Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” sərəncamına müvafiq olaraq Nizami Gəncəvi ilinin açılışı münasibətilə Mədəniyyət  Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə baş tutub.

Tədbirdə eyni zamanda akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının da təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bildirib ki, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsinin Ulu Öndər tərəfindən başlanan ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir: "Hamımıza məlumdur ki, bu illər ərzində "Nəsimi ili", "Multikulturalizm ili" kimi neçə-neçə əlamətdar tədbirlər keçirilib, digər dahi şəxsiyyətlərimizin yubileyləri təşkil olunub. Bütün bunları prezidentin mədəniyyətimizə, eyni zamanda Azərbaycanı dünyada tanıdan böyük şəxslərə qiymət kimi dəyərləndirmək lazımdır. Təəssüflər olsun ki, vaxtilə Nizaminin, Füzulinin, Tusinin və bir çox başqa mütəfəkkirlərimizin əlyazmaları Azərbaycandan daşınıb aparılıb. Lakin son illər ərzində Heydər Əliyev Fondunun da dəstəyi ilə bu əlyazmaların bir çoxunun surəti Azərbaycana gətirilib. Bu il ərzində isə Nizaminin də əsərlərinin surətlərinin gətirilməsinə çalışacağıq".

Mədəniyyət naziri Anar Kərimov isə vurğulayıb ki, son illərdə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin yubileyləri ilə əlaqədar, habelə milli mənəvi dəyərlərimizə hörmətə sadiqlik əlaməti olaraq Prezident tərəfindən sərəncamların imzalanması ənənəyə çevrilib: "Əksər tədbirlərin həm də UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq miqyasda təbliğində müstəsna əhəmiyyətə malikdir. Bu il də dünya şöhrətli şair və mütəfəkkir Nizaminin 880 illik yubileyi respublikamızla bərabər İCESCO-da, bütün dünyada, habelə TÜRKSOY tərəfindən türk dünyasında qeyd olunacaq".

Nazir bildirib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir, “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatı klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin  gətirilməsi layihəsini həyata keçirir: "Artıq bu layihə üzrə son 2 il ərzində 53 qiymətli əlyazmanın elektron və kağız surətlərinin Azərbaycana gətirilməsi təmin olunub ki, onların arasında Türkiyədə, İranda, Misirdə, ABŞ-da, Avstriyada, Bosniyada, Çexiyada, Rusiyada və digər ölkələrin milli kitabxanalarında saxlanılan, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsrəddin Tusi, Sahib Təbrizi və digər klassiklərimizin qiymətli əlyazmaları var. Həmin əlyazmaların içərisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu günədək Azərbaycan elminə məlum olmayan qiymətli əlyazmalarını da qeyd etmək olar. İnanırıq ki, həmin əlyazmalar alimlərimiz və tədqiqatçılarımız tərəfindən geniş tədqiq olunacaq. Bu il "Nizami ili" olduğuna görə biz bu il böyük Nizaminin əlyazmalarının surətlərinin Azərbaycana gətirilməsinə daha çox diqqət yetirəcəyik, Nizami haqqında və onun əsərlərindən ibarət çoxlu sayda kitab çap olunacaq, fundamental biblioqrafiyalar və ensiklopediyalar hazırlanacaq".

A. Kərimov Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzinin İdarə Heyətinin üzvü, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan və ingilis dillərində həmin Mərkəz tərəfindən nəfis şəkildə nəşr olunmuş, böyük rus şərqşünası Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabını nizamişünaslıq elminə böyük töhfə kimi dəyərləndirib. Nazir “Azərbaycan nəfəsli əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloqunu da “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində atılan dəyərli addımlardan biri hesab edib: "Bu kataloqda əksini tapan bir sıra əlyazmaların, o cümlədən Nizami Gəncəvinin “Xəmsə”sinin XIV-XV əsrlərə aid ən qədim əlyazmalarının də adı var. Çox təəssüf ki, onların əksəriyyətinin bu günədək Azərbaycanda və dünyada nəşr olunan əlyazma kataloqlarında adı yoxdur, bu səbəbdən də alimlərimiz və mütəxəssislərimiz tərəfindən tədqiq olunmayıb. İnanıram ki, Milli Kitabxanamız bu kataloqda əhatə olunan əlyazmalarının elektron surətlərinin Azərbaycana gətirilməsinə nail olacaq və onları mütəxəssislərimizin istifadəsinə təqdim edəcək".

Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva isə  2021-ci ili  bütövlükdə Azərbaycan mədəniyyəti ili kimi dəyərləndirib: "Çünki bu il "Nizami ili" ilə yanaşı, eyni zamanda Şuşada Xarıbülbül Festivalı, Vaqif Poeziya Günləri keçiriləcək. Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Bu gün Nizaminin öncə gənclərimizə tanıdılmasına böyük ehtiyac var. Bu baxımdan bugünkü tədbirdə təqdim olunan kitablar böyük əhəmiyyət daşıyır. Oksford Universitetində Nizami Mərkəzinin yaradılması və Bertelsin "Böyük Azərbaycan şairi Nizami" kitabının ingilis dilində çapını Nizami irsinin tanıdılmasında mühüm addım hesab edirəm".

Sonra Xalq yazıçıları Elçin, Kamal Abdulla, Milli Məclisin deputatı Nizami Cəfərov və digər qonaqlar çıxış edərək "Nizami ili"nin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Tədbir Xalq artisti Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmovun Nizaminin yaradıcılığından şeirlər səsləndirilməsi ilə davam edib.

.