“Barselona”nın prezidenti Xuan Laporta klubun hakimlərə rüşvət verməkdə ittiham olunduğu “Neqreyra işi” ilə bağlı mətbuat konfransı keçirib.

Funksioner Kataloniya təmsilçisinə qarşı başladılan qarayaxma kampaniyasının məqsədinə çatmadığını bildirib:

“Barselona böyük bir qarayaxma kampaniyasına məruz qaldı. “Neqreyra işi” ilə bağlı çıxan xəbərlərdən bəzi media orqanları imicimizi zədələmək üçün istifadə etməyə çalışdılar. Bu, təsadüf deyil. Dünya üçün rol-model olmağımıza mane olmaq istəyirdilər. Ancaq bacarmadılar və bundan sonra da bacarmayacaqlar. 125 illik tariximiz ərzində həm meydanda, həm də meydandan kənarda həmişə ədalətli olduq. Özümüzlə fəxr edirik”.

“Barselona” rəhbəri “Real Madrid”in bu prosesdə fəal iştirakını gülünc adlandırıb:

“Bu günə qədər 70 il ərzində ölkənin hakimlik sisteminə cavabdeh olanların hamısı “Real Madrid”in keçmiş oyunçuları olub. Belə bir klubun bu işə qarışması gülüncdür. Reallıq budur ki, onilliklər boyu futbola zərər vuran məhz onlardır. “Real Madrid”in belə hərəkətlər etməsi biabırçılıqdır. Ümid edirəm ki, məhkəmə onların maskalarını çıxaracaq”.

Xatırladaq ki, “Barselona”nın sabiq prezidentləri Sandro Rosel və Xosep Mariya Bartomeu tərəfindən Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyrara 7 milyon avroya yaxın məbləğdə ödəniş etmələrinə görə ittiham olunur. Neqreyra özü ifadəsində bildirib ki, ödənişlər konsultasiya qarşılığında verilib və hakimlərin “Barselona” ilə daha yaxşı rəftar etmələri üçün rüşvət olmayıb. Prokurorluq klub əleyhinə hər hansı sübut tapmayıb.

Mənbə: “De Marke Sports”

.