İspaniyanın “Barselona” klubu La Liqada ötən əsrin rekordunu təkrarlayıb.

Kataloniya təmsilçisi bir mövsümün 24 oyununda qol buraxmayaraq buna nail olub.

XXXII turda “Betis”i 4:0 hesabı ilə məğlub edən “Barsa”da qapıçı Mark-Andre ter Ştegen 24-cü qarşılaşmada qapısının toxunulmazlığını qorumağı bacarıb. Bununla “göy-qırmızılar”ın 1986/1987 mövsümündəki rekordu təkrarlanıb. Həmin vaxt qapıçı Andoni Zubizarreta 24 görüşdə rəqib hücumlarının qarşısını alıb.

“Barselona” daha bir matçda qol buraxmasa, həm klub, həm də qapıçı ter Ştegen rekordu yeniləyəcək. Xavinin kollektivi mövsümün qalan görüşlərində “Osasuna”, “Espanyol”, “Real Sosyedad”, “Valyadolid”, “Malyorka” və “Selta” ilə qarşılaşacaq.

Qeyd edək ki, sona 6 tur qalmış 79 xalla turnir cədvəlinə başçılıq edən “Barselona” ən yaxın izləyicisi “Real Madrid”i 11 xal qabaqlayır.

.