“Barselona”nın Çempionlar Liqasındakı 17 illik seriyası başa çatıb.

2004/05 mövsümündən başlayaraq hər il qrupdan çıxmağı bacaran İspaniya nəhəngi bu dəfə 3-cü yerin sahibi kimi Avropa Liqasına yollanıb.

Barselonanın eyniadlı təmsilçisinin seriyası Lionel Messinin komandadakı ilk mövsümündə başlayıb. Uğurlu seriya argentinalının komandadan getdiyi ilk mövsümdə qırılıb.

Kataloniya təmsilçisinin Çempionlar Liqasının pley-offundan kənarda qalması sonuncu dəfə 2003/04 mövsümündə qeydə alınıb. Həmin il komanda ümumiyyətlə bu turnirin qrupuna da düşməyib. Barselonalılar həmin vaxt olduğu kimi 17 ildən sonra Avropa Liqasında (o vaxt UEFA kuboku adlanırdı) oynayacaq.

Bu göstəricidə rekord “Real”a məxsusdur. Madrid klubu ardıcıl 25 dəfə qrupdan pley-offa yüksəlib.

Barselonalıların qrupda oynayıb, mərhələ keçməməsi isə 21 ildə ilk dəfə yaşanıb. 2000/01 mövsümündə “Milan” və “Lids”dən sonra qrup üçüncüsü olan komanda UEFA kubokuna yuvarlanıb. Orada yarımfinala qədər irəliləyən ispaniyalılar sonda turnirin qalibi olan “Liverpul”a uduzub - 0:0, 0:1.

Qeyd edək ki, “Barselona” qrup mərhələsinin son turunda “Bavariya”ya 0:3 hesabı ilə məğlub olduqdan sonra 3-cü yeri tutub.

.