“Azəristiliktəchizat” ASC şirkəti Bakı şəhəri və Respublikanın digər regionlarında balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb,160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi və 2052 sosial və təsərrüfat obyektləri istiliklə təmin edir.
Bu barədə "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında məlumat verib.
O bildirib ki, şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində və 43 qazanxana vasitəsilə 3775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakin, 75 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin edir.
"Bu xidmətləri yüksək keyfiyyətdə göstərmək üçün şirkət 1000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri, 1300-dən artıq qazan aqreqatı, 3000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu və texniki rejim parametrlərinin saxlanılması üçün 20000-dən artıq müxtəlif mühəndislik qurğularını idarə edir.
Şirkətin daimi 1200-ə yaxın əməkdaşı, istilik mövsüm zamanı isə 2250 əməkdaşı olur. Bunlardan 500-ə yaxın əməkdaş regionlardakı istilik mənbələrində çalışır.
Bakı şəhərində 22 İstilik Sistemlərinin İstismar Sahə idarələri, digər şəhər və rayonlarda 46 İstilik Sistemlərinin İstismar Sahə idarələri fəaliyyət göstərir".
"Azəristiliktəchizat"ın yeni strategiyası hazırlanacaq
Azərbaycan Respublikasının Prezidentinin 29 Aprel 2022-ci il tarixli sərəncamına əsasən Azəristiliktəchizat ASC şirkətinin müasirləşdirilməsi və gücləndirilməsi, fəaliyyətinin səmərəliliyin artırılması istiqamətində islahatlar proqramıda uğurla davam etdirilir.
Bu barədə "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında məlumat verib.
O bildirib ki, bu çərçivədə islahatlar “Azəristiliktəchizat” ASC-nin müasirləşdirilməsi, səmərəliliyinin artırılması və gücləndirilməsi gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müxtəlilf layihələri əhatə edir.
İslahatlar proqramı çərçivəsində şirkətin yeni strategiyasının hazırlanması, elektron sənəd dövriyyəsi və digər rəqəmsal həllərin tətbiqi, şirkətin kommersiya fəaliyyətinin genişləndirilməsi üçün yeni xidmət sahələrinin yaradılması, yeni əməliyyat idarəetmə sisteminin qurulması, İT infrastrukturunun təkmilləşdirilməsi, çevik və effektiv ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin qurulması, gənc kadrların şirkətə cəlb olunması kimi təşəbbüslər üzrə işlər başlayıb və davam etdirilir.
.
