BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə noyabrın 11-22-də keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkili məqsədilə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Yenizaman“Azərişığ”a istinadən xəbər verir ki, Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah, yerli struktur bölmələr üzrə işçi qrupları yaradılaraq, tədbirin keçiriləcəyi bütün məkanların, ölkəmizə gələcək nümayəndə heyətləri və qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulan mehmanxana, yaşayış kompleksləri və digər obyektlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına dair operativ tədbirlər həyata keçirilir.
Həmçinin “Azərişıq” və COP29 tədbirinin təşkilatı komitəsi arasında işlərin koordinasiyalı və yüksək səviyyədə təşkil edilməsi məqsədilə mərkəzi Qərargah və yerli sruktur bölmələrdən ibarət yaradılmış işçi qruplarının əlaqələndirilməsi təmin edilib.
Bundan əlavə “Olimpiya Stadionu” yarımstansiyasının elektrik təchizatı sxemin yoxlanılması BMT-nin səlahiyyətli nümayəndələri və COP29 əməliyyat şirkətinin aidiyyəti əməkdaşlarının birgə iştirakı ilə təmin olunub. Həmçinin məsul əməkdaşların təlimatlandırılması, treyniqlər və əks-qəza məşqlərinin keçirilməsi təmin edilib.
Bakı şəhəri başda olmaqla bütün regionlarda əhalinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün bütün qabaqlayıcı texniki və təşkilati tədbirlər həyata keçirilib. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün ölkə üzrə “199” Çağrı Mərkəzi və qəza xidmətləri fəaliyyətini gücləndirilmiş iş rejiminə uyğunlaşdırıb. Yarana biləcək hər hansı bir nasazlıq zamanı istehlakçılardan dərhal “Azərişıq” ASC-nin “199” Çağrı Mərkəzi, rəsmi “Facebook” və “İnstagram” səhifələrinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.
.