"Heç bir "Lavrov planı” mövcud deyil”
APA-nın Moskva müxbirinin Rusiya xarici işlər naziri Sergey Lavrovla eksklüziv müsahibəsi
- Sergey Viktoroviç, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 25 il ötür. Hazırkı mərhələdə iki ölkə arasında əlaqələri necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında diplomatik əlaqələr 25 il əvvəl qurulub və bu vacib yubileyi aprelin 4-də qeyd edəcəyik. Lakin yaxşı məlumdur ki, Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin əsrlərlə tarixi var. Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaşdır. Əməkdaşlığımızın əsasında bərabərhüquqluluq və mehriban qonşuluq prinsipləri, çoxəsrlik dostluq ənənələri, ümumi tarix və mədəniyyət dayanır. 25 il ərzində bu irsi iki fundamental sənəd – 1997-ci il 3 iyul tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə və 2008-ci il 3 iyul tarixli Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannaməyə söykənərək qorumağı və çoxaltmağı bacarmışıq.
"Rusiyada səmimi olaraq cənub qonşunu sabit, inkişaf edən və geniş əməkdaşlıq üçün açıq olan dövlət kimi görmək istəyirlər"
Məmnuniyyətlə qeyd edirik ki, Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə irəliləməkdə, keyfiyyətcə yenilənməkdədir. Ölkələrimizin dövlət başçıları arasındakı qeyri-rəsmi etimadlı dialoqun ümumi səylərdə oynadığı rolu qiymətləndirməmək mümkün deyil. İqtisadi sahədə əhəmiyyətli uğurlar əldə olunub, 2014-cü ildə qarşılıqlı ticarət həcmi üzrə 4 mlrd. dollarlıq rekord səviyyəyə çıxmışıq. Doğrudur, sonra milli valyutaların "oynaması”nın neqativ effekti öz sözünü dedi. Hazırda ticarət-investisiya mübadilələrinin aktivləşməsi üzərində çalışırıq. Bu məqsədlərə regionlararası əlaqələrin, iki ölkənin biznes cəmiyyətlərinin imkanlarının potensialının maksimum cəlb olunmasına ümid edirik. Dəyişməz prioritetlərimiz sırasında bizə miras qalan ümumi mədəni və təhsil məkanının möhkəmləndirilməsinə üstünlük verilməklə humanitar sahədə əməkdaşlıq var. Müasir cəmiyyətin inkişafı ilə bağlı aktual problemlərin müzakirəsi üçün birgə layihəmiz - Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən və dünyada geniş qəbul olunan Bakı Beynəlxalq Humanitar Forumu özünü nüfuzlu meydança kimi qəbul etdirə bilib.
Rusiya və Azərbaycan təkcə dost deyil, həm də Qafqaz və Xəzərdə qonşudur. Ona görə də təkcə ikitərəfli əsasda deyil, həm də çoxtərəfli formatlar çərçivəsində faydalı dialoqu inkişaf etdiririk. Rusiyada səmimi olaraq cənub qonşunu sabit, inkişaf edən və geniş əməkdaşlıq üçün açıq olan dövlət kimi görmək istəyirlər. Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin gələcəkdə dərinləşməsi xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə xidmət edir.
- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Rusiya xarici siyasətinin prioritetlərindən biridir. Ötən illərdə olduğu kimi münaqişənin nizamlanması istiqamətində heç bir addım atılmayıb. Bu münaqişənin həll olunmaması ATƏT-in Minsk qrupunun həmsədri və ən əsası region ölkəsi kimi Rusiyanı narahat edirmi?
- Əlbəttə ki, narahat edir. Qonşu regionda baş verənlərə biganə deyilik. Biz orada sülh və sabitliyin bərqərar olması, sərhədlərin açılması, qaçqınların geri qayıtması və iqtisadi-ticarət əlaqələrinin bərpasında maraqlıyıq. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli qeyd-şərtsiz xarici siyasət prioritetlərimiz sırasındadır. "Nizamlanma üçün heç bir addım atılmayıb” fikri ilə razılaşa bilmərəm. Qarabağ mövzusu problemin həlli üçün kollektiv və fərdi səylər göstərən beynəlxalq vasitəçilərin daim diqqət mərkəzindədir. Rusiyaya gəldikdə, ötən il prezident Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda problemə həsr olunmuş üçtərəfli sammit keçirilib. Dağlıq Qarabağ problemi Putinin Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlərində önəmli yer tutur.
Konkret olaraq bu məsələ Serj Sarkisyanın martın 15-də Moskvaya səfəri zamanı müzakirə olunub. Xarici siyasət idarələrinin rəhbərləri də kənarda qalmırlar. Mövzu ilə bağlı fevralda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, martın əvvəlində isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla məzmunlu söhbət aparılıb. Nəzərə almaq lazımdır ki, Qarabağ nizamlanması mövzusu çox incə məsələdir. Ona görə də danışıqların detalları konfidensial xarakter daşıyır. Bununla belə deyə bilərəm ki, bir çox aspektlər artıq razılaşdırılıb. Bir neçə məsələ qalıb, lakin onlar ən mürəkkəbidir. Konsensus hələlik əldə etmək mümkün olmayıb. Bununla belə iş davam edir.
- Ötən ilin aprel hadisələrindən sonra münaqişənin sülh yolu ilə həlli üçün Rusiyanın fəal vasitəçilik səylərini müşahidə etdik. Rəsmi səviyyədə səsləndirilməsə də, mediada "Lavrov planı”nın mövcudluğundan çox danışılır. Belə bir plan olubmu? Əgər olubsa, onun taleyi barədə nə deyə bilərsiniz?
- Dəfələrlə açıq şəkildə bildirmişəm ki, heç bir "Lavrov planı” mövcud deyil. Hazırda müzakirə olunan ideyaların əsasını ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi tərəfindən kollektiv şəkildə hazırlanmış təkliflər təşkil edir. Daha dəqiq desək, söhbət Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış məqamlardan gedir. Onlar yaxşı məlumdur. Tərəflər ümumən bu təməli inkar etməməklə yanaşı, onların həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Bu təklifləri dəyişdirmək və ya həmsədrlərin hazırladığı sxemi kardinal şəkildə dəyişən hansısa yeni planlar təklif etməkdən söhbət getmir. Əsas məsələ balanslaşdırılmış siyasi həll tapmaqda tərəflərə kömək etməkdir. Bu, hüquqi öhdəliklərdən ibarət sənədlərin hazırlanması mərhələsinə keçməyə imkan verəcək.
- Rusiya və ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisləri bu yaxınlarda Bakıda görüşdülər. Bu görüş Azərbaycanın siyasi və ekspert dairələrində yüksək qiymətləndirildi. Vaşinqton və Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlığının güclənməsi mümkündürmü?
- Fevralın 16-da Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimov və ABŞ Birləşmiş qərargah rəisləri komitəsinin sədri Danford arasında görüş keçirilib. Görüşdə iki ölkənin xüsusən Yaxın Şərq regionunda terrorçuluq əleyhinə əməkdaşlığı məsələləri müzakirə olunub. Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ nizamlanması üzrə əsas danışıqlar platforması olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir.
Bu heyətdə "üçlük” 1997-ci ildə formalaşıb və o vaxtdan onun işi komanda yanaşması şəklində qurulur. Artıq tərəfləri nizamlanmanın əsas aspektləri üzrə kompromis axtarışına stimullaşdıran yüksək səviyyəli birgə bəyanatlardan söz açdım. Xarici siyasət idarələrimizin xətti ilə dayanıqlı qarşılıqlı fəaliyyət qurulub. Bariz nümunə ABŞ dövlət katibinin təşəbbüsü ilə ötən ilin aprel hadisələrindən sonra Rusiyanın xarici işlər naziri və Fransanın Avropa işləri üzrə dövlət nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan sammitinin keçirilməsidir. Bu görüşdə münaqişə zonasında vəziyyətin sabitləşdirilməsi ilə bağlı önəmli məsələlər nəzərdən keçirilib. Öz növbəsində amerikalı və fransalı həmsədrlər Sankt-Peterburq görüşünün yekun hissəsinə dəvət olundular. Hər üç həmsədr öz aralarında fəal əməkdaşlıq edirlər. Regionu müntəzəm şəkildə ziyarət edən hər üç həmsədr Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlarda vahid mövqedən çıxış edirlər. Hesab edirəm ki, bu cür komanda yanaşması onun göstəricisidir ki, beynəlxalq münaqişələrin aradan qaldırılmasında necə əməkdaşlıq etmək lazımdır. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vaşinqton və Parislə sıx qarşılıqlı fəaliyyətimiz davam edəcək.
- Rusiya Avrasiya inteqrasiyasında Azərbaycanın iştirakını necə görür? Moskva Bakının Avrasiya İqtisadi İttifaqına qoşulmasını arzu edirmi?
- Azərbaycanın Avrasiya inteqrasiyasında mümkün iştirakını biz yalnız alqışlaya bilərik. Avrasiya İqtisadi İttifaqının 2 illik fəaliyyəti dövründə onun üzvlərini sayı 3-dən 5-ə yüksəlib. Bu, onu təsdiqləyir ki, ittifaq üzv ölkələrə ciddi üstünlüklər vəd edir və bu üstünlüklərə yalnız iqtisadi məkana çıxış imkanı əldə edərək nail olmaq mümkündür. Bu gün Avrasiya İqtisadi İttifaqı 182 milyondan çox əhaliyə malik tutumlu ümumi bazardır və bu çərçivədə "dörd azadlıq” təmin olunub: mal, xidmət, kapital və əmək resurslarının maneəsiz hərəkəti. Xarici iqtisadi maraqların reallaşdırılmasının faydalarını ayrıca qeyd etmək lazımdır: bu cür güclü inteqrasiya birliyinin tərkibində olmaqla, üçüncü tərəflərlə təmaslar zamanı bu maraqları müdafiə etmək daha effektiv hala gəlib.