Rusiya Federasiyası 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2018-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

"Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il olduğundan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin fəaliyyətinə bizim töhfəmiz hələlik tanışlıq görüşlərindən ibarət oldu. Amma bu ay rusiyalı, fransalı, amerikalı həmsədrlərin Ermənistan və Azərbaycan xarici işlər nazirlərilə daha bir görüşü nəzərdə tutulur. Odur ki, artıq uzunmüddətli olan, lakin İrəvanla Bakının xoşməramı və həmsədrlər də daxil olmaqla beynəlxalq birliyin dəstəyilə həll oluna biləcək bu münaqişəni yoluna qoymağa, məncə, bu istiqamətdə də dəstək verə biləcəyik”, - deyən rusiyalı nazir Azərbaycan tərəfindən münaqişəyə çözüm axtarmağa hazır olduqlarını səsləndirməsinin təqdirəlayiq olduğunu, Ermənistanın buna müvafiq şəkildə cavab verəcəyinə inandığını qeyd edib.

"Rusiya-Azərbaycan əlaqələri kifayət qədər sabit və mərhələli inkişaf edir".

Bunu da Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
"Ötən il prezidentlər səviyyəsində olduqca məzmunlu növbəti görüşlər keçirildi, həmkarım Elmar Məmmədyarovla Bakıda və Moskvada görüşdük", - S.Lavrov bildirib.
O həmçinin xatırladıb ki, ötən il Rusiya və Azərbaycan prezidentlərinin - Vladimir Putin ilə İlham Əliyevin birgə rəhbərliyi altında növbəti Bakı Humanitar Forumu keçirilib: "Bizi bir-birimizə bağlayan çoxsaylı - formal və rəsmi, qeyri-rəsmi tədbirlər baş tutub".
Onun sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələri baxımından ilin yekunları olduqca müsbətdir.




.