Kürdəmirdə törədilən qətllə bağlı bəzi detallar məlum olub.
Bu gün gündüz saatlarında rayonun Şıxımlı kənd sakini, 1987-ci il təvəllüdlü Pərviz Qurbanov həyat yoldaşı, 1994-cü il təvəllüdlü Könül Qurbanovanı kəsici-deşici- alətlə qətlə yetirib. Meyit götürülərək aidiyyəti üzrə təhvil verilib. Hadisə törədən P. Qurbanov könüllü olaraq polisə təslim olub. Kənd sakinlərinin məlumatına görə, cütlük 6 il evli olub, 3 uşaqları var. Hazırda orta məktəbin 2, 4 və 5-ci siniflərində oxuyan, iki qız və bir oğlan hadisə baş verən vaxt dərsdə olublar.
Ərinin Könül Qurbanovanı boğaz nahiyəsindən bıçaqla vuraraq öldürdüyü deyilir. Qətlə yetirilən Könül Qurbanovanın əmisi İnqilab Mövlayevin dediyinə görə, Pərviz Qurbanov içki düşkünü olub. Evliliyin ilk aylarından ailədə söz-söhbət yaranıb. Bir neçə dəfə Könül Qurbanova ərindən ayrılmaq məqsədi ilə ata evinə köçüb. Valideynlərin müdaxiləsindən sonra tərəflər arasında barışıq olub. Hətta bir neçə il qabaq Pərviz Qurbanov içkini atmaq üçün dispanser müalicəsində olub. Ərlə arvad tez-tez mübahisə etdiyindən boşanma qərarına gəliblər. Ailədə vəziyyət günü-gündən pisləşib və sonda məlum hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
Yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
.