
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu qayda müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə xüsusi təyinatlı təhsil müəssisələrindən xaric edilən kursantlara, habelə həqiqi hərbi xidmətdən ehtiyata və həqiqi hərbi xidmətdən istefaya buraxılan həmin təhsil müəssisələrini bitirmiş kadr zabitlərə və gizirlərə (miçmanlara) (təqvim hesabı ilə azı 10 il zabit heyəti vəzifələrində xidmət etmiş kadr zabitlər və təqvim hesabı ilə azı 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmiş gizirlər (miçmanlar) istisna olmaqla) şamil olunur.
Xüsusi təyinatlı təhsil müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi qeyd olunan hallarda bağlaşmada nəzərdə tutulur. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinə qəbul olunmuş kursantlar 1-ci semestrin sonunadək, xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunmuş kursantlar isə 1-ci kursun sonunadək həmin təhsil müəssisələrindən xaric olunduqda, onlardan çəkilən xərclər geri alınmır.
Xüsusi təyinatlı təhsil müəssisələrində ali təhsil və ya orta ixtisas təhsili alan kursantların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərclər aşağıdakılardır:
-. xüsusi təyinatlı təhsil müəssisəsinə qəbula görə birdəfəlik ödəmənin məbləği;
-. xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən kursantlara müvafiq qaydada ödənilən pul təminatı (əməkhaqqı);
-. kursant təqaüdlərinin məbləği;
-. kursant müavinətinin məbləği;
-. ailə üzvlərinə maddi yardımın məbləği;
-. hesabda yığılan ödənişin faiz gəlirləri ilə birlikdə məbləği;
-. dövlət icbari şəxsi sığorta xərcləri;
-. xüsusi təyinatlı təhsil müəssisəsini bitirməyə görə birdəfəlik pul mükafatının məbləği (əgər ödənilmişdirsə);
-. təhsil müddətində mübadilə proqramı çərçivəsində respublikanın digər müəssisələrinə, habelə xarici ölkələrin tədris müəssisələrinə göndərilməsi ilə əlaqədar xərclər (ödənilən təhsil haqları, əlavə olaraq ödənilən yaşayış xərcləri, viza xərcləri, nəqliyyat xərcləri və sığorta).
Xüsusi təyinatlı təhsil müəssisələrində ali təhsil və ya orta ixtisas təhsili alan kursantların hazırlanmasına çəkilmiş xərclər bu qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş xərc istiqamətləri üzrə hər ilin sentyabr ayında ötən tədris ili üçün həmin xüsusi təyinatlı təhsil müəssisələrinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xərc kalkulyasiyası əsasında müəyyən edilir. Ötən tədris ili üzrə xərclərin hesablanmasında tədris ilinə düşən aylar üzrə müvafiq illərin büdcə göstəriciləri və faktiki xərclər əsas götürülür.
Əvəzi ödəniləcək xərcin müəyyən edilməsi üçün xüsusi təyinatlı təhsil müəssisələrində hər bir kursant üçün fərdi uçot kartı açılır, həmin uçot kartında bu qaydanın 2-ci hissəsində göstərilən xərclər göstərilir, xüsusi təyinatlı təhsil müəssisəsini bitirən hərbi qulluqçular həmin karta imza atmaqla tanış olurlar. Kartın təsdiq edilmiş surəti hərbi qulluqçunun şəxsi işinə əlavə edilir.
Qanunda göstərilən şəxslərə xidmətin sonuncu günü onun hazırlanmasına faktiki çəkilmiş xərclərin bir ay müddətində ödənilməsi öhdəliyi barədə yazılı bildiriş təqdim olunur.
Yazılı bildirişdə əvəzi ödənilməli olan xərclərin tərkibi və məbləği həmin xərclərin ödənilməsi üçün verilən müddət, habelə bu məbləğin dövlət büdcəsinə geri
qaytarılması üçün müvafiq qurumun xəzinə hesabının rekvizitləri göstərilməlidir.
Xüsusi təyinatlı təhsil müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclər bu qaydanın 4.1-ci bəndində nəzərdə tutulan müddətdə könüllü ödənilmədikdə həmin xüsusi təyinatlı təhsil müəssisələrinin tabe olduğu aidiyyəti mərkəzi icra hakimiyyəti orqanının (qurumun) müraciəti əsasında məhkəmə qaydasında tutulur.
.