Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı sülhməramlı kontingenti Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə Qazaxıstandan çıxarılacaq.

TASS verdiyi xəbərə görə, bu barədə KTMT sülhməramlıların nümayəndəsi məlumat verib.

O bildirib ki, KTMT sülhməramlı kontingentinin ölkədən çıxarılması üçün gün ərzində təxminən 20 uçuş həyata keçiriləcək.

Onun sözlərinə görə, ilk növbədə digər ölkələrin missiyaları, daha sonra isə rus sülhməramlıları ölkədən çıxarılacaq. Qırğızıstan kontingenti Rusiya təyyarələrindən istifadə etməyəcək və daimi dislokasiya məntəqələrinə quru nəqliyyatı vasitəsilə gedəcək.

Nümayəndə deyib ki, qarşıdakı iki gündə Almatı və Jetıgen aerodromlarından uçuşlar həyata keçiriləcək, Ermənistan, Belarus və Tacikistan sülhməramlıları öz ölkələrinə qaytarılacaq.

Xatırladaq ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi. Yanvarın 13-dən sülhməramlı kontingentin Qazaxıstan ərazisindən mərhələli şəkildə çıxarılmasına başlanılıb və bu, bir neçə gün davam edəcək.

.