Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.
Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu UEFA Millətlər Liqasında Polşa ilə matçdan (5:1) sonra fikirlərini bölüşüb.
O, futboldan həzz almaq istədiyini vurğulayıb:
"Mən, sadəcə, həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vuracağam".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in heyətində bu mövsüm 15 matçda iştirak edən K.Ronaldu 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
.