Əhali dollarla kredit almır, banklar isə manatla pul vermir Ekspertlər bank sektorunun düşdüyü böhranı «Bizim Yol»a şərh ediblər
Azərbaycan Mərkəzi Bankı biznes və istehlak kreditlərinin faktiki illik faiz dərəcələri (FİFD) üçün yuxarı hədd müəyyənləşdirib. Banker.az-ın məlumatına görə, banklar müştərilərə biznes kreditlərini 25 faizdən, istehlak kreditlərini isə 29 faizdən baha verə bilməyəcək.

Banklardan portala daxil olan məlumata əsasən, bir çox sözügedən maliyyə təşkilatları bununla əlaqədar olaraq biznes kreditləşməsini dayandırıb. Onlar bunu, həmin faiz dərəcələri ilə gəlirliliyin olmaması ilə izah edirlər.

Mütəxəssislərin ehtimallarına görə, banklar vəsaitlərini biznes kreditləşməsindən digər istiqamətə yönəldəcəklər. Biznes kreditləri, əsasən, orta və iri kreditləşmədə davam edəcəyi ehtimal edilir - onların maya dəyəri bunu etməyə imkan verir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a şərhində qeyd etdi ki, devalvasiyadan sonra kredit faizləri anormal bir şəkil alıb: "Banklar manatla kredit vermək istəmir, çünki növbəti devalvasiya riskləri var. Ona görə də faiz dərəcələrini çox yüksək müəyyənləşdirib. Hətta 40-42 faizə qədər yüksələn kreditlər də var.

Bundan əlavə əmanətlərin dollarlaşması banklarda bu valyutanın yığılıb qalmasına gətirib çıxarıb. Ona görə də dollar üzrə kredit faizlərini aşağı salıblar ki, vətəndaşlar xarici valyutada kredit götürməkdə maraqlı olsun. Təxminən 17-18 faizə qədər dollarla kreditlər təklif edirlər. Vətəndaşlar isə növbəti devalvasiya ehtimalından ehtiyat edərək bu kreditləri götürmək istəmirlər. Xüsusilə xarici valyutada biznes kreditləri götürmək riskli hesab edilir".

R.Həsənovun fikrincə, Mərkəzi Bankın son zamanlar apardığı islahatlar bank sektorunda yumuşaldılma siyasətinə xidmət edir: "Əsas niyyət konsolidasiya prosesinin tamamlanmasına yönəldilib. Doğrudur, biznes və istehlak kreditlərinə faiz dərəcəsinin son həddinin müəyyənləşdirilməsi qanuna ziddir, bankların sərbəst kredit siyasətinə müdaxilədir. Amma görünür, bank sektorunun iştirakçıları Mərkəzi Bank qarşısında seçim qoyub. Neçə ildir ki, kredit faizlərinin kifayət qədər yüksək olduğu söylənilir, hətta prezident səviyyəsində dilə gətirilib, lakin bank sektorunda heç bir dəyişiklik baş vermir. Düşünürəm ki, bu, vətəndaşların xeyrinə atılmış addımdır".
İqtisadçı əlavə etdi ki, bundan sonrakı dövrdə Mərkəzi Bank bankları manatla dəstəkləməyə çalışacaq: "Banklar isə həmin vəsaitləri maksimum 29 faizlə kredit şəklində vətəndaşlara təqdim edəcək. Son aylar dövriyyədə pul kütləsi azalıb. Ona görə də real sektor pul qıtlığından əziyyət çəkir. Mərkəzi Bank növbəti dövrlərdə bazarda manat kütləsini nisbətən artırmağa çalışır. Yəni hazırda mərkəzləşdirilmiş kreditlərin həcmi 5 milyard manata yaxındır. Mərkəzi Bank onun həcmini 3-4 milyard manat artırarsa, o zaman banklar 3 faizlə əldə etdiyi bu pula aşağı faizlə kredit verməyə maraq göstərəcək".

Digər iqtisadçı-ekspert Samir Əliyev isə sosial şəbəkədə yaydığı şərhində bildirir ki, Mərkəzi Bankın inzibati metodlara əl atması qanuna ziddir: "Banklar haqqında" Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. İqtisadi yolla banklara zəruri dəstəyi verə bilməyən Mərkəzi Bank son dövrlər tez-tez inzibati metodlardan yararlanmağa can atır".

İqtisadçıya görə, Mərkəzi Bankın qeyri-rəsmi tapşırığı daha çox sosial gərginliyin azaldılmasına hesablanıb: "Tənzimləyici qurumun son davranışları onu göstərir ki, bank sektorunda təmizləmə əməliyyatı başlayıb. Güman etmək olar ki, "EvroBank" ASC və "Azərbaycan Kredit Bankı" ASC sonuncu "qurban" olmayacaq. Mərkəzi Bank kiçik bankların bazardan çıxarılmasında israrlı görünür və hiss olunur ki, bu barədə artıq siyasi qərar var. Mətbuata açıqlamasında Elman Rüstəmovun əhalini dolayısı ilə kiçik banklara əmanət qoymaqdan çəkindirməsi də buna işarədir. Yaxın dövrdə bankların sayı 40-dan aşağı düşə bilər. Onların sayının 35-ə düşməsi də istisna deyil. Ayrı-ayrı banklarda vəziyyətin həddindən artıq ağır olması barədə siqnallar gəlməkdədir. Məhdud müştəri kontingenti, daxili investisiyaların azalması, büdcə pullarının məhdudlaşdırılması, əhalinin gəlirlərinin azalması bankların sayının optimallaşdırılması məsələsini yenidən gündəmə gətirib".
S.Əliyev qeyd edirk ki, konsolidasiya tədbirləri bank olmayan kredit təşkilatlarını da (BOKT) vuracaq: "Komisyon haqlarının 1 faizə salınması və faktiki illik faiz dərəcələri üçün yuxarı limitin tətbiqi ilk zərbəni BOKT-lara vuracaq. Məhz BOKT-larda kredit faizləri banklarla müqayisədə daha yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi, hətta 40 faizə çatır. Onların kredit portfeli də məhduddur. BOKT-ların əsas üstünlüyü onun resurslarına əlçatanlığın asan olmasıdır. Hazırda ölkədə BOKT-ların sayı 157-dir və onların kredit portfeli ümumilikdə 591 milyon manata yaxındır. Tezliklə onların sayının azalması qaçılmaz olacaq."

"Hazırda təmərküzləşmə səviyyəsi 55 faizdir. Ancaq tək bu addım kifayət etməyəcək. Mərkəzi Bankın dəstəyi ilə yanaşı, bankdankənar problemlər aradan qaldırılmalıdır. Əks halda konsolidasiyanın də səmərəsi olmayacaq", - iqtisadçı vurğuladı.
.