İyunun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Avropa Şurasının (AŞ) Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyesin onlayn görüşü keçirilib. 

Komitədən bildirilib ki, komitə sədri Bahar Muradova ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verərək, media nümayəndələri üçün nəzərdə tutulan xüsusi layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. B. Muradova Azərbaycan Respublikasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını (Lanzarote) ratifikasiya etməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, bildirib ki, Konvensiyanın təsdiqi uşaqlara qarşı törədilən seksual xarakterli cinayətlərin qarşısının alınmasında, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsində və zərər çəkmiş uşaqların müdafiəsində irəliyə doğru atılmış böyük bir addımdır. O, eyni zamanda 2020-2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyanın qəbul edilməsi və bu istiqamətdə milli fəaliyyət planın hazırlanması ilə bağlı hazırda görülən işləri diqqətə çatdırıb.

Komitə sədri COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsirini qeyd edərək, bildirib ki, zorakılıq faktları ilə bağlı Komitəyə daxil olan müraciətlər araşdırılır və hər bir fakt üzrə ayrıca keyslər açılaraq müvafiq tədbirlər görülür. Komitə sədri qadınların ədalət mühakiməsinə çıxışı, məhkəmə proseslərində iştirakı məsələsinə toxunaraq, bu istiqamətdə Avropa Şurasının icra etdiyi layihələrinin əhəmiyyətini qeyd edib.

Avropa Şurasının (AŞ) Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes çıxışında ölkəmizlə olan əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın davamlı olmasının mühüm olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda qadınların iştirakçılığının artırılması istiqamətində hər cür imkanlar yaradılıb, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün vacib işlər görülüb. 

.