Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ərəfəsində ölkəmizdə bir sıra ardıcıl tədbirlər görülür.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib.

O qeyd edib ki, şəhərlərimizin baş planları hazırlanır və bu baş planlar əsasında regionlarımız planlı şəkildə inkişaf edir:

“Ümumdünya Şəhərsalma Forumunda dünyada urbanizasiyanın inkişafı şəraitində aktual olan bir sıra məsələlərin müzakirəsi gözlənilir. Bunlardan ən əsasları mənzil problemləri ilə bağlı məsələlərdir. Bir sıra, yəni inkişaf etməkdə olan ölkələrdə, xüsusən yoxsul təbəqələrin mövcud olduğu ölkələrdə bu problemlər daha qabarıq dayanır.

Azərbaycanın bu istiqamətdə həm böyük təcrübəsi, həm də böyük uğurları var. İşğaldan azad olunmuş ərazilərdə çox qısa bir zamanda yüzlərlə yaşayış məntəqəsinin planlaşdırma sənədləri hazırlanıb və həmin ərazilərə əhalimizin qayıdışı davam edir”.

“Ümumilikdə 12 şəhərin planlaşdırma sənədləri əsasında həmin şəhərlər yenidən qurulur. Çox qısa bir dövr üçün hazırlanmış və icra olunan bu nümunə, məncə, misilsiz bir nümunədir”, - deyə İ.İsbatov əlavə edib.

.