Amerika Birləşmiş Ştatları prezidentliyinə namizədlik yarışında demokrat namizədlərdən Hillari Klinton, respublikaçılardan isə Donald Tramp uğur qazanıblar.
Yenizaman.az "Azadlıq Radiosu”na istinadən xəbər verir ki, "superçərşənbə” kimi tanınan böyük praymeri səsvermələri 12 ştatda keçirilirdi.
ABŞ xəbər şəbəkələrinin məlumat və proqnozlarına görə, Tramp və Klinton hər biri 7 ştatda qələbə qazanıblar.
Tramp-ın əsas rəqibi Ted Kruz senatoru olduğu Texas ştatında və Oklahomada daha çox səs toplaya bilib. O, özünü Trampın namizədliyinin qarşısını almağa qadir yeganə şəxs kimi təqdim edir.
Respublikaçıların üçüncü namizədi Marko Rubio Minnesotada uğur qazana bilib.
Klintonun rəqibi Berni Sanders doğma Vermont ştatında, habelə Oklahoma, Minnesota və Koloradoda qələbə qazanıb, lakin bildirib ki, mübarizəni yerdə qalan 35 ştatda davam etdirəcək.
Müşahidəçilər Hillari Klintonun qaradərili seçicilər arasında populyarlığının artmasını xüsusilə qeyd edirlər.
Donald Tramp mətbuat konfransında bildirib ki, namizədlik yarışı həlledici mərhələsinə qədəm qoyub və indi onu yalnız bir nəfərə - Hillari Klintona qalib gəlmək maraqlandırır.
ABŞ mediası yazır ki, hələ də bir çox siyasətçi və təhlilçi Donald Trampın prezidetliyə namizəd ola biləcəyinə çətinliklə inanır, lakin artıq Ağ Ev uğrunda mübarizənin Tramp-Clinton yarışı olacağı barədə ehtimallar gerçəkləşməyə yaxınlaşır.
Praymerilərdə seçicilər yalnız öz partiyalarının namizədlərinə səs versələr də, media ABŞ boyunca səslərin yekun hesabını aparıb.
Bu mənada Klinton demokrat seçici səslərinin 51, Tramp isə respublikaçı elektoratın 40 faizinin səsinə sahibdir.
