Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsinə aid hissələrin tədqiqi zamanı partlayıcı izinə rast gəlinməyib.
Bu barədə Türkiyənin "Sabah" qəzeti özəl mənbələrindən məlumat əldə edib.
Bildirilib ki, təyyarəyə aid hissələr Kayseridə ətraflı şəkildə araşdırılacaq.
"Kriminal Laboratoriyanın hesabatında hadisəyə səbəb kimi partlayıcı izinə rast gəlinmədiyi qeyd olunub".
Məlumatda həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin son vəziyyətə dair açıqlamasına da toxunulub:
"Təyyarənin qara qutusunun incələnməsinə və qəza araşdırma qrupunun hadisə yerindəki fəaliyyətləri davam edir. Aparılan ətraflı təhlilin nəticələri ictimaiyyətlə paylaşılacaq".
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.
.
