Türkiyə Suriya ilə bağlı danışıqları Astana platformasında bərpa etmək istəyir.
Bu barədə Türkiyənin "Hurriyet" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Türkiyə Suriyada vəziyyətin normallaşdırılması üzrə beynəlxalq prosesin, həmçinin Astana platformasında canlandırılmasını zəruri hesab edir ki, burada Suriya hakimiyyəti və müxalifəti kompromisə gələ bilmənin yollarını axtara biləcəklər.
Həmçinin bildirilib ki, Astana nizamlama formatının bərpası kifayət qədər uzun müddət çəkə bilər, Suriyada hakimiyyətlə müxalifət arasında sabit dialoqu təmin etmək lazımdır.
“Türkiyə Qətər və Səudiyyə Ərəbistanı da daxil olmaqla ərəb dövlətləri ilə də əlaqələrin qorunub saxlanmasını dəstəkləyir.
Türkiyə Suriyanın şimalında fəaliyyət göstərən kürd qruplaşmalarını terrorçu qruplar hesab edir və onların sərhəd zonasından çıxarılmasını tələb edir və həmçinin, ABŞ-ın da bu təşkilatlara dəstəyini dayandırmasını tələb edir”, - deyə nəşr əlavə edib.
“Suriya isə öz növbəsində Türkiyə qoşunlarının şimal bölgələrində mövcudluğunu öz ərazi bütövlüyünə təhlükə hesab edərək, onların çıxarılmasını tələb edir.
Rəsmi Ankara bəyan edir ki, Suriya torpaqlarına heç bir iddiası yoxdur və öz qüvvələrinin Suriyanın şimalında olmasını terrorizmlə mübarizənin zəruriliyi ilə əsaslandırır.
Rusiya, Türkiyə və İran Suriya münaqişəsinin sülh yolu ilə həllinin qarantı kimi çıxış edirlər. Bu ölkələr həmçinin Suriyada “Astana prosesi” adlanan siyasi nizamlanma formatının təşəbbüskarı olublar və bu barədə danışıqlar 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtında başlayıb”, - deyə vurğulanıb.
Xatırladaq ki, Ankara və Dəməşq hökumətləri arasında münasibətlərin normallaşdırılması prosesi ötən ilin 28 dekabrında Moskvada Rusiya, Suriya və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərləri arasında məsləhətləşmələrin keçirildiyi vaxt başlayıb.
.
