ABŞ-nin keçmiş prezidenti Donald Tramp bu həftə etdiyi çıxışlar zamanı öz administrasiyasının İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaniyə sui-qəsd əməliyyatında İsrailin rolunu yanlış şəkildə xarakterizə edib.

Bu barədə əməliyyatın planı ilə tanış üç amerikalı rəsmi “NBC News”a deyib.

Donald Tramp çərşənbə günü deyib ki, İsrail 2020-ci ilin yanvarında iranlı generalın zərərsizləşdirilməsi əməliyyatının bir parçası olmağı planlaşdırsa da, tədbirdən bir gecə öncə qəfil fikrindən daşınıb. Tramp öz çıxışında əməliyyat üzərində bir neçə aylıq birgə fəaliyyətdən sonra qəfil geri çəkilmək qərarına görə İsrailin Baş naziri Binyamin Netanyahunu sərt tənqid edib.

Lakin plandan məlumatlı olan amerikalı rəsmilər Trampın şərhlərini həqiqəti əks etdirmədiyini bildiriblər.

“Onlar heç vaxt bununla razı olmayıblar”, - israilliləri nəzərdə tutan Ağ evin yüksəkranqlı məmuru bildirib.

“Onlar həmişə bunun təhlükəli və qeyri-sabitlik gətirən fikir olduğu qənaətində olublar”, - o əlavə edib.

Telekanal nəql edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi şərh verməkdən imtina edib, Trampın kampaniyası, ABŞ ordusunun Mərkəzi Komandanlığı və İsrailin ABŞ-dəki səfirliyi sorğuları hələlik cavabsız qoyublar.

.