İsrail iyulun üçüncü və ya dördüncü həftəsində Livan ərazisində “Hizbullah”a qarşı yerüstü hərbi əməliyyatlara başlaya bilər.

Bu barədə “Bild” nəşri qərbdəki diplomatik mənbələrə istinadən xəbər yayıb.

İsrailin Milli Təhlükəsizlik və Hərbi Strategiya İnstitutunun analitiki Aşar Feldman vəziyyətin nəzarətdən çıxa biləcəyinə işarə edib. Onun qənaətinə görə, indiki halda diplomatik həll variantının seçilməsi “Hizbullah” silahlılarına vaxt qazandırmaqdan başqa işə yaramayacaq. Bununla yanaşı, ekspert “Hizbullah”a qarşı yönələcək hərbi hərəkatın İranla birbaşa müharibə riski yarada biləcəyini düşünür:

“Başqa bir ssenariyə görə, İran vəziyyətdən istifadə edib, özünün nüvə potensialını gücləndirməyə çalışacaq. Belə olan halda isə ABŞ-nin İrana hərbi müdaxiləni dəstəkləyəcəyi sual altındadır. Bu baş verərsə, İsrail İran tərəfinin nüvə proqramına qarşı tədbirlər görülməsi ilə bağlı qərar qəbul etməli olacaq. İran isə vəziyyətdən istifadə edib nəzarətindəki “marionet” qruplaşmalara İsrailə hücum əmri verə bilər. Bu baş verərsə, regionda genişmiqyaslı müharibə qaçılmaz olacaq”.

Qeyd edək ki, HAMAS-ın oktyabrın 7-də törətdiyi terror hücumundan sonra İsrailin şimalı mütəmadi olaraq silahlı hücuma məruz qalır. Buna paralel olaraq, “Hizbullah” lideri Şeyx Həsən Nəsrullah davamlı şəkildə İsrail tərəfini genişmiqyaslı müharibə ilə hədələyir.

.