Avropa İttifaqı (Aİ) Gürcüstanın avrointeqrasiya prosesini Gürcüstan hakimiyyətinin qərarından daha öncə dayandırıb.
Bu barədə “Rustavi 2” telekanalının əldə etdiyi Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçenskinin ölkənin Xarici İşlər Nazirliyinə ünvanladığı 5 noyabr 2025-ci il tarixli məktubdan məlum olub.
Məktubda bildirilib ki, Aİ Avropa Şurasının gəldiyi nəticələrə əsasən Gürcüstanın ittifaqa qoşulması prosesinin dayandırılması barədə qərarı 2024-cü ilin iyunun 27-də qəbul edib.
“Bu səbəbdən Gürcüstanın Avropa İttifaqının təhlükəsizlik və mütəşəkkil cinayətkarlıq sahəsində maliyyələşdirdiyi regional layihələrdə iştirakı dayandırılıb”, - məktubda deyilir.
Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib. Avropa Komissiyası isə avrointeqrasiya prosesinin dayandırılmasında Gürcüstan hakimiyyətini ittiham edir, onu Aİ-yə üzvlük yoluna dərhal qayıtmağa çağırır.
.
