
Avropa ölkələri ehtimal ki, Rusiya ilə qarşıdurmanın qarşısını almaq məqsədilə planlaşdırılan missiya çərçivəsində Ukraynaya 25 min hərbçi belə göndərə bilməyəcək.
Bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Böyük Britaniyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Toni Radakin Avropa ölkələrinin hərbi rəhbərlərinə müraciət edərək bildirib ki, Rusiya ilə mümkün sülh razılaşmasından sonra Ukraynaya 64 min hərbçi göndərmək zəruridir. Aprelin əvvəlində Radakin Londonun bu məqsədlə 10 min hərbçi göndərməyə hazır olduğunu, Fransanın da eyni sayda hərbçi ayırmağa razılıq verdiyini açıqlamışdı.
Lakin mənbələrin sözlərinə görə, Avropa İttifaqının müdafiə nazirləri aprelin 10-da keçirilmiş "istəkli koalisiya" görüşündə Böyük Britaniyanın planlarından narahat olduqlarını bildiriblər.
Onlar 64 min hərbçi toplamağın mümkün olmadığını deyərək, "25 min nəfərin toplanması belə birgə səylər üçün böyük irəliləyiş olar" fikrini səsləndiriblər.