Avropa İttifaqı ölkələri Rusiya diplomatlarının blok daxilində səfərlərini məhdudlaşdırmaq barədə razılığa gəliblər.

Bu barədə “The Financial Times” yazıb.

Bildirlirlir ki, bu addım Avropa kəşfiyyatlarının məlumatına görə, çox vaxt diplomatik örtük altında fəaliyyət göstərən casusların həyata keçirdiyi sabotaj cəhdlərinin artmasına cavabdır.

Bununla da Aİ ölkələrinin paytaxtlarında fəaliyyət göstərən Rusiya diplomatları səfər etməzdən əvvəl səfər planları barədə gedəcəkləri digər ölkələrin hakimiyyətlərini məlumatlandırmaq məcburiyyətində olacaqlar.

Nəşrin mənbələri bildirir ki, əvvəllər bu tədbirə qarşı çıxan Macarıstan vetosunu geri götürüb.

Məlumatlara görə, təşəbbüsü Çexiya irəli sürüb. Bu qərar Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzünə cavab olaraq hazırlanmaqda olan yeni sanksiya paketinin bir hissəsi ola bilər.

.