Avropa Komissiyası (AK) Avropa İttifaqında daxili yanma mühərriki (DYM) olan yeni avtomobillərin qeydiyyatdan keçirilməsinə qoyulan qadağanın beş il müddətinə təxirə salınması imkanını nəzərdən keçirir.

Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, belə bir qərar İtaliya və Polşa kimi ölkələrin, həmçinin bir sıra böyük avtomobil konsernlərinin AK-yə göstərdiyi təzyiq nəticəsində qəbul oluna bilər. Onların fikrincə, bu qadağanın 2035-ci ilədək tam həyata keçirilməsi “çox radikal” görünür və Aİ-nin avtomobil sənayesini məhv edə bilər. Gözlənilir ki, AK daxili yanma mühərriklərinin hibrid avtomobillərdə 2040-cı ilə qədər istifadəsinə icazə verəcək, şərt isə bu avtomobillərin “təkmilləşdirilmiş” yanacaqla işləməsi və “yaşıl” poladdan istehsal olunmasıdır.

Xəbərdə qeyd olunur ki, Avropa Komissiyası hələlik hibrid avtomobillərin Aİ bazarında hansı paya malik olacağını müəyyən etməyib və yanacaqla bağlı texniki tələblər də tam dəqiqləşdirilməyib.

DYM-li avtomobillərdən imtina qaydası 2023-cü ildə Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənib. Qərara əsasən, 2035-ci ildən etibarən Aİ ölkələri belə mühərriklərə malik yeni avtomobilləri artıq qeydiyyata almayacaqlar. Bu addım Aİ-nin iqlim siyasətinin bir hissəsi olaraq qəbul edilib.

.