ABŞ-da “şatdaun” NATO və Ukraynaya silah ixracını dayandırıb.
APA-nın xəbərinə görə, bu barədə “Axios” nəşri ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, ABŞ hökumətindəki “şatdaun” (maliyyə dayanması) səbəbindən NATO müttəfiqlərinə və Ukraynaya ümumi dəyəri 5 milyard dollardan artıq olan silah tədarükü dayandırılıb. Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, yaranmış vəziyyət həm ABŞ-ın sənaye sektoruna, həm də müttəfiq ölkələrə ciddi zərbə vurur.
Söhbət AMRAAM tipli raketlər, “Aegis” və HIMARS döyüş sistemlərinin Danimarka, Xorvatiya və Polşaya göndərilməsindən gedir. Bu silahların ən sondakı ixrac məkanı məlum olmasa da, NATO müttəfiqlərinə göndərilən belə silahların daha çox Ukraynaya yardım qismində göndərildiyi bəllidir. Silah satışının dondurulması həm ABŞ hökuməti tərəfindən birbaşa satışlara, həm də özəl müdafiə şirkətlərinin ixrac lisenziyalarına təsir edib.
“Axios” yazır ki, silah ixracına nəzarət haqqında qanun Konqresin bu satışları təsdiqləməsini tələb edir, lakin “şatdaun” səbəbindən vəzifələrinə Konqres komitələrinin işçilərinə təlimatlar vermək daxil olan Dövlət Departamentinin müvafiq əməkdaşlarının çoxu məzuniyyətdədir.
Dövlət Departamentinin rəsmisi Tommi Piqott bildirib ki, demokratların bloklaması nəticəsində NATO müttəfiqlərinə həyati əhəmiyyətli silah satışları dayanıb, bu isə həm ABŞ sənayesinə, həm də milli təhlükəsizliyə mənfi təsir göstərir.
.
