Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Moskva Dövlət Açıq Universitetinin bağlanan Bakı filialının prorektoru olmuş Ramazan Hüseynov ifadə verib.
O, istintaq zamanı üç dəfə dindirildiyini deyib. R.Hüseynov məhkəmədəki ifadəsində pulu keçmiş MTN əməkdaşı Nazim Nəsibova verdiyini bildirib. Onun istintaq zamanı verdiyi ifadə ilə məhkəmə zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu məlum olub. O, istintaqda verdiyi ifadəsini oxumadan imzaladığını və bəzi hissələri müstəntiqin onun adından yazdığını söyləyib: "Sübahir Qurbanovu tanımıram. Mən ona pul verməmişəm".
Günün ikinci yarısında davam etdirilən prosesdə şahidlər ifadə verib. Onlar istintaqa verdikləri ifadələri təsdiq etdiklərini deyiblər.
Proses aprelin 27-də davam etdiriləcək.

.