Bu ilin payızında Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı referendum keçiriləcək.

Bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev KİV əməkdaşlarının mükafatlandırılması mərasimində deyib.

“Bilirsiniz ki, sabit enerji təchizatı olmadan iqtisadi inkişaf mümkün deyil. Ona görə də mən atom elektrik stansiyasının tikintisi məsələsinin öyrənilməsini tapşırdım. Hazırda geniş müzakirələr gedir və müxtəlif fikirlər səsləndirilir. Bu prosesdə KİV də fəal iştirak etməlidir”, - o vurğulayıb.

K.Tokayev qeyd edib ki, ölkədə nüvə energetikasının inkişafı üçün böyük imkanlar var: “Onlardan düzgün və səmərəli istifadə etmək vacibdir. Bu məsələ ilə bağlı son qərarı xalq verəcək. Referendum bu ilin payızında keçiriləcək. Dəqiq tarixi hökumət müəyyən edəcək”.

“Qazaxıstan Atom Elektrik Stansiyaları” MMC-nin baş direktoru Timur Jantikin 2023-cü ilin dekabrında bildirib ki, Qazaxıstanda ilk AES-in tikintisi 10-15 milyard ABŞ dollarına başa gələcək.

.