Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb.


Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyi vətəndaşları bank kartı məlumatlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırır.

Vətəndaşların bank kartlarının üzərindəki CVV/CVC və SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kodlarını naməlum şəxslərlə paylaşması nəticəsində onların hesablarından 725, 550, 450, 447, 300, 204, 73, 72, 60, 50 manat və 49 ABŞ dolları məbləğində vəsait oğurlanıb.

Qeyd olunan məxfi məlumatlar üçüncü şəxslərə verildiyi halda yalnız bank hesabında olan vəsait deyil, həm də kredit limitləri vasitəsilə vətəndaşa maddi ziyan vurulur.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək xəbərdarlıq edir:

- Bank və ya digər qurum adı ilə edilən naməlum zənglərə, mesajlara, linklərə inanılmamalıdır.

- “Hesabınız dondurulub, müdaxilə var”, “Viza üçün ödənişlər”, “Qazandınız”, “Sığorta aktivləşdirilir”, “Sərfəli kredit” və bu kimi cəlbedici təkliflər kiberfırıldaqçılıq məqsədi daşıya bilər.

- Heç bir halda kartın arxa hissəsindəki CVV/CVC kodları və OTP şifrəsi paylaşılmamalıdır.


Şübhəli hallarla rastlaşdıqda vətəndaşlar “102” Xidməti Zəng Mərkəzinə və ya ərazi polis orqanlarına müraciət etməlidirlər.

Daxili İşlər Nazirliyi tərəfindən kibercinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

.