19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metrosunun fəaliyyəti dayandırılacaq

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyəti dayandırılacaq. 

Bu Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatında yer alıb. Qərara əsasən, 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Operativ Qərargah: Dövlət qurumlarında işçilərin say həddi 30 faizədək azaldılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında yer alıb.

Qeyd olunub ki,  özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Məktəbəqədər təhsil müəssisələrində də tədris dayandırılır

19 oktyabr tarixindən 2 noyabr tarixinədək məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilib.

Bu barədə Nazirlər Kabinetinin Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə qərarında bildirilir. 

Qərarda bildirilir ki, məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidir. 

Yaşı 65-dən yuxarı olanların yaşayış yerlərini tərk etməmələri tövsiyə edilib

Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etməmələri tövsiyə edilib.

Bu, Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatında yer alıb.

 

.