Arayik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün beynəlxalq qurumlara müraciət olunacaq.

Bununla bağlı Baş Prokuror Kamran Əliyev bəyanat verib.

Bəyanatda deyilir ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir: “Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək”.

Arayik Arutunyanın barəsində 15 maddə üzrə cinayət işi başlanıb

Ermənilərin Gəncəni atəşə tutması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokuror Kamran Əliyevin bəyanatında bildirilib.

Qeyd olunub ki, qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb. Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Kamran Əliyev: Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb

Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Bu barədə Baş Prokuror Kamran Əliyevin bəyanatında qeyd olunub.

Bildirilir ki, “Dağlıq Qarabağ Respublikasının prezıdenti” Arayik Arutunyanın tapşırığı əsasında bu gün, 4 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub.

Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.

.