Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın Aİ mallarına tətbiq edəcəyi yeni gömrük rüsumlarını tənqid edib və Vaşinqtonun qərarının əsaslandırılmadığını bildirib.
Kallas bu barədə Filippinin paytaxtı Manilada keçirilən ASEAN toplantısı çərçivəsində Reuters agentliyinə müsahibəsində danışıb.
"Avropa İttifaqı barədə belə demək olmaz. Əmək qanunvericiliyimizi ABŞ-la müqayisə etsəniz, bizdə ödənişli məzuniyyət var, işçilər üçün çox yaxşı əmək şəraiti təmin edilir. Buna görə də bu ittihamların əsası yoxdur", - deyə o bildirib.
Kallas ABŞ administrasiyasının Aİ də daxil olmaqla 60 ticarət tərəfdaşına qarşı məcburi əməyin qarşısının alınması sahəsində zəif nəzarət iddiaları ilə 10% və 12,5% həcmində yeni rüsumlar tətbiq edəcəyinə münasibət bildirib.
Aİ-nin bu qərarı gözləmədiyini deyən Kallas Vaşinqtondan izahat tələb edəcəklərini vurğulayıb.
"ABŞ ilə əldə etdiyimiz ticarət razılaşmasına əməl etmişik. Buna görə də bu qərar bizim üçün xoşagəlməz sürpriz oldu. Razılaşmaya riayət olunmaması məyusedicidir", - deyə o qeyd edib.
Kallas həmçinin bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı razılaşdırdığı 21-ci sanksiyalar paketi Moskvanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağa yönəlib.
Onun sözlərinə görə, sanksiyalar artıq Rusiya iqtisadiyyatına təsir göstərir və ölkənin xaricdən kapital cəlb etməsini çətinləşdirir.
"Bu, Rusiyanı Ukrayna ilə danışıqlar masasına əyləşməyə məcbur etmək üçün həyata keçirdiyimiz daha geniş strategiyanın tərkib hissəsidir", - deyə Kallas əlavə edib.
.
