“Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, eyni zamanda beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulub ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.

Vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq. Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 (iyirmi) manat təşkil edəcək. Növbəti il üçün Agentliyin əldə edəcəyi vəsait üzrə gəlir və xərclər smetası hər il dekabr ayının 20-dən gec olmayaraq Agentliyin İcraçı direktoru tərəfindən təsdiq ediləcək. Agentlik müvafiq qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edəcək. Vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və Agentliyin işçilərinin kollektiv mükafatlandırılmasına da sərf olunacaq.

Jurnalist vəsiqəsi 3 illik verilir.

 

.