Hindistanın avtomobil istehsalçısı "Tata Group” ona məxsus olan Böyük Britaniyanın "Jaguar Land Rover” (JLR) üçün tərəfdaş tapmaq üçün bir sıra ünvanla danışıqlar aparır.

"Bloomberg” xəbər verir ki, mötəbər mənbələr artıq "Zhejiang Geely Holding Group” (ZGH) və BMW ilə danışıqların aparıldığını bildirirlər.

Danışıqların məqsədi elektromobil istehsalı üçün tərəfdaşlıq yaradaraq maliyyə yükünü azaltmaqdır. Belə ki, JLR 2020-ci ildən yeni modellərinin hamısı üçün elektrik mühərrikli versiya yaratmağı nəzərdə tutur.

Bununla yanaşı, ötən il satış həcmi 34% azalan JLR Çində mövqelərini bərpa etmək üçün bu ölkənin istehsalçılarından biri ilə tərəfdaşlıq qurmaqla məqsədinə nail olmağı düşünür. BMW ilə tərəfdaşlıq isə texnologiya və mühərrik hazırlamaqda irəliləyişə nail olmaq baxımdan maraqlı sayılır.

Lakin ZGH-dən nə "Tata”, nə də JLR ilə danışıqlar apardıqlarını bildiriblər. "Tata” və BMW-dən isə məsələni şərh etmək istəməyiblər.
.