İyunun 16-da Bakı şəhərinin Yasamal, Xəzər, Xətai rayonlarında, həmçinin Göygöl, Tovuz, Gədəbəy, Oğuz, Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan rayonlarında, iyunun 17-də isə Bakı şəhərinin Binəqədi, Sabunçu, Pirallahı rayonlarında, həmçinin Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə), Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iyunun 17-də Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan verirlər.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeydlər:

- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Masallı, Xaçmaz, Cəlilabad və Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, "hissə"lərlə adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan günlərdə hansı məktəblərin şagirlərinin imtahan verməsi haqqında məlumat açılır.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

.