İşçilərə könüllü ərizə yazıb işdən uzaqlaşması təklif olunub

Bakının Nizami rayonunun Özbəkistan küçəsi 47B ünvanında yerləşən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Gigiyena və Epidemiologiya Mərkəzində kütləvi ixtisarların aparılması xəbəri işçilərin etirazına səbəb olub. 



QSC sədri Cavid Qurbanovun əmri ilə 06.01.2016-cı il mərkəzin ditektoru Hikmət Məmmədov vəzifəsində azad edilib. Hazırda onun vəzifəsini direktorun müavini icra edir. O da ötən gün mərkəzin ümumi iclasını keçirərək bildirib ki, tibb müəssisəsinin fəaliyyətinə xitam verilib və işçilərə bu ilin yanvar ayının əmək haqqısı ödənilməyəcək. İşçilərə könüllü olaraq ərizə yazıb işdən uzaqlaşması təklif olunub. Yalnız bu halda onlara kompensasiyanın veriləcəyi deyilib. 
 
Gigiyena və Epidemiologiya Mərkəzinin Həmkarlar İttifaqının sədri Bahadur Hacıyev "Bizim Yol”a bildirib ki, işçiləri narahat edən iki məsələ var: "Maliyyə problemi səbəbindən mərkəzdə ixtisarların olacağı gözlənilir. Tibb müəssisəsi təsərrüfat hesabı əsasında fəaliyyət göstərəcək. 
İşçilərin işsiz qalmaq və əmək haqqısını almamaq təhlükəsi var. İşçilər 130-200 manat arasında əmək haqqı alırlar. Bu şəraitdə təsərrüfat hesabı və özünü maliyyələşdirmə prinsipi işçiləri qane etmir. Çünki işçinin maaşı olmalıdır ki, o ictima nəqliyyatın xidmətindən istifadə edərək tibbi müəssisəsinə gələ bilsin”.

Narazı işçilərin sözlərinə görə, onlarla görüşən "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin baş həkimi Dilşad Əsgərova bildirib ki,  Maliyyə Nazirliyi tərəfindən bu xidmətə maliyyə yardımının verilməsi dayandırılıb. Xidmətin və onun tabeliyində olan tibb müəssisələrinin maliyyə probleminin həll olunması və orada çalışan böyük sayda işçi heyyətinin maliyyələşdirilməsində çətinliklərin yaranması ilə əlaqədar kadr potensialının optimallaşdırılmasına qərar verilib.    

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Bizim Yol”a Gigiyena və Epidemiologiya Mərkəzində ixtisarların olacağını təsdiqləyib: "Adıçəkilən tibbi müəssisəsində ixtisarların olacağına və struktur dəyişikliyinin edilməsinə qərar verilib”. 

Ramid İBRAHİMOV

.