İtaliya Avropa İttifaqının (Aİ) Venesuela parlamentinin sədri Xuan Quaydonun ölkənin müvəqqəti prezidenti kimi tanınması ilə bağlı bəyanatını bloklayıb.

Bu barədə RİA "Novosti"yə Brüsseldəki diplomatik mənbə bildirib.

"İtaliya 31 yanvar - 1 fevral tarixlərində Buxarestdə keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Avropa diplomatiyasının başçısı Federika Mogerininin Aİ-nin X.Quaydonu prezident kimi tanıması barədə səsləndirdiyi bəyanata veto qoyub", - mənbə deyib.

Onun sözlərinə görə, bundan sonra Aİ və Uruqvay Venesuela üzrə beynəlxalq kontakt qrupunun ilk nazirlər iclasının anonsunu verib. İclas fevralın 7-də Montevideoda keçiriləcək.

Daha əvvəl Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın qanuni müvəqqəti prezidenti kimi tanıyıb və Aİ ölkələrini analoji qərar verməyə çağırıb.
.