Nazirlər Kabineti "İstintaq təcridxanalarının daxili intizam Qaydaları” və "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, "İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na edilən dəyişiklik istintaq təcridxanasında tətbiq edilən tənbeh tədbirləri ilə bağlıdır.
Qüvvədə olan qaydaya əsasən həbs edilmiş şəxslərin tənbeh tədbirinin tətbiqindən öz mülahizəsinə görə yuxarı dövlət orqanına (vəzifəli şəxsə) və məhkəməyə şikayət vermək hüququ var və şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini dayandırmır. Dəyişikliyə əsasən artıq bununla bağlı istisna hal müəyyən edilib. Başqa sözlə, şikayətin verildiyi hallarda, şikayət olunan tənbeh tədbirinin tətbiqinin dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılacaq və bu barədə müvafiq qərar qəbul ediləcək. Ona görə də tənbeh tədbirinin tətbiqinin dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini dayandırmayacaq.
"Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”na edilən dəyişiklik müvəqqəti saxlama yerlərində (MSY) saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin maddi məsuliyyəti ilə bağlıdır. İndiyə qədər tutulmuş və ya həbs edilmiş şəxs zərərin ödənilməsi haqqında çıxarılmış qərardan yuxarı vəzifəli şəxsə və məhkəməyə şikayət edə bilərdi və şikayətin verilməsi ödənilmənin dayandırılmasına əsas yaratmırdı. Artıq bu qayda dəyişib. Zərərin ödənilməsi haqqında çıxarılmış qərardan şikayətin verildiyi hallarda, ödənilmənin dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılacaq və bu barədə müvafiq qərar qəbul ediləcək. Buna müvafiq olaraq zərərin ödənilməsi haqqında çıxarılmış qərarın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətiverilməsi ödənilmənin dayandırılmasına əsas yaratmayacaq.
.