İsmayıllı rayonunun Qəzli və Quşencə kənd sakinlərinə məxsus iribuynuzlu mal-qara oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu xəbər yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan yeddi baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrəfil Alızadə olduqları müəyyən edilib.

Qeyd olunub ki, onlar şübhəli şəxs qismində saxlanılıblar. Həmin şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

.