Azərbaycan ordusunun mühacirətdə olan polkovniki İsa Sadıqov çeçenlərlə birlikdə könüllülərdən ibarət batalyon yaradıb Ukraynada ruslarla döyüşə getməyə hazırlaşır.
Bu barədə Rusiyanın "Svobodnaya pressa” internet qəzeti yazıb. Bildirilir ki, batalyona yazılmaq üçün Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən könüllülər müraciət edir.
Məlumata görə, batalyonun tərkibində 300-dən çox döyüşçü var. Artıq batalyona ad da seçilib: "İçkeriya qəhrəmanı Cövhər Dudayev adına beynəlxalq sülhməramlı batalyon”.
Batalyonun komandiri Dudayevin keçmiş çeçen səhra komandirlərindən olan "briqada generalı” İsa Munayevdir.
Batalyonun adından yayılan bəyanatda deyilir: "Əsl çeçenlər və qafqazlılar başa düşür ki, Ukraynanın azadlığı dünyanın bütün əzilmiş xalqlarının azadlığı deməkdir. Bu prinsipi rəhbər tutaraq bütün azadlıqsevər çeçenlər qardaş Ukrayna xalqının tərəfində döyüşməyə hazırdır.
İçkeriya çeçen respublikasının Avropanın müxtəlif ölkələrində məcburi yaşayan layiqli vətənpərvərləri Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin ilk günlərindən başda briqada generalı İsa Munayev olmaqla "Könüllülərin beynəlxalq sülhməramlı batalyonu”nu yaradıblar və ona Cövhər Dudayevin adını veriblər.
Batalyona başqa xalqların nümayəndələri ilə yanaşı 300-ə yaxın çeçen də yazılıb. Yeganə məqsəd Rusiya imperiyasına qarşı Ukrayna xalqının azadlıq mübarizəsinə dəstək verməkdir”.
Bildirilir ki, Ukraynada batalyonun döyüş işini Stepan Banderanın davamçıları kurasiya edəcək. İsa Munayev özü isə bildirib ki, bir çox ölkələrdən batalyona könüllülərin yazılması prosesi davam edir.
Onun bildirdiyinə görə, könüllülər Gürcüstan, Azərbaycan, Polşa, Litva, Estoniya, İngiltərə, İsveç, Danimarka, Fransa, Avstriya və Finlandiyadan, hətta Rusiyanın özündən müraciət edirlər.
İ.Munayev tanınmış çeçen səhra komandirlərindən biridir və 1999-cu ildə Aslan Məshədov tərəfindən Qroznının komendantı təyin edilmişdi. 2000-ci ilin oktyabrında onun döyüşdə öldürüldüyü barədə məlumat yayılsa da sonradan Munayev Qərbi Avropada üzə çıxdı.
"Svobodnaya pressa” yazır ki, İsa Munayevin batalyonunun qərargah rəisi Azərbaycan müdafiə nazirinin keçmiş müavini, mühacirətdə olan polkovnik İsa Sadıqovdur.
Tiflis Ali Artilleriya Məktəbinin keçmiş məzunu, Leninqradda hərbi akademiya bitirmiş İsa Sadıqov Qarabağ müharibəsinin iştirakçısıdır və hazırda Norveçdə mühacirətdədir.
.