İranın futbol üzrə milli komandasının 2026-cı il dünya çempionatında iştirakı üçün viza verilib.

"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibulahzadə bildirib.

Onun sözlərinə görə, Tehranın Ankaradakı səfirliyi ilə Meksika səfirliyi arasında əlaqələndirmə nəticəsində iyunun 3-də İran milli komandasının oyunçularına, texniki və inzibati heyətinə 2026-cı il dünya çempionatında iştirak üçün vizalar təqdim edilib:

"Əldə olunan razılığa uyğun olaraq, Meksika vizalarının verilməsi proseduru Meksika səfırliyində istisna qaydada, milli komanda üzvlərinin Ankaradakı Meksika səfirliyində iştirakı olmadan və barmaq izləri alınmadan həyata keçirilib. Bu addım İran millisinin 2026-cı il dünya çempionatına göndərilmə prosesini asanlaşdırmaq məqsədilə və İran ilə Meksika səfirliklərinin Ankarada sıx əməkdaşlığı çərçivəsində atılıb".

Səfir deyib ki, milli komanda Türkiyənin Antalyadakı təlim-məşq düşərgəsində hazırlığın yekun mərhələsindədir:

"Ankaraya gedib-gəlmək ehtiyacının olmaması, həmçinin milli komandanın gündəlik məşqlərə, iyunun 4-də Mali yığması ilə keçiriləcək yoldaşlıq oyununa hazırlığa diqqətini cəmləməsi baxımından bu çox vacibdir".

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq. İran millisi Belçika, Misir və Yeni Zelandiya ilə birgə G qrupunda yer alıb.

İran yığmasının mundialda iştirakı üçün oyunçulara və məşqçilər heyətinə ABŞ və Meksika vizalarının verilməsində problem yaranmışdı. İran nümayəndə heyəti turnirin gedişində ölkələrarası səfərlər edəcəyi üçün çoxgirişli vizalara ehtiyac duyur.

.