İran parlamentində 60 türk nümayəndəsindən ibarət türk millət vəkillərinin Fraksiyası yaradılıb.
Tehran, Urmu, Meşginşəhr və Xudabəndə şəhərlərinin millət vəkilləri sözügedən Fraksiyanın müvəqqəti İdarə Heyətinə üzv seçiliblər. Həmçinin Təbrizin parlamentdəki millət vəkili Əhməd Rza Beyginin də adı İdarə Heyəti üzvləri arasındadır.
Ə.R.Beygi xəbər agentliklərinin müxbirləri ilə görüşdə bildirib ki, yeni yaradılan Fraksiya parlamentdə qəbul olunan müxtəlif layihələrdə öz təsirini göstərəcək.
Türk millət vəkillərinin yaratdığı Fraksiyanın müvəqqəti İdarə Heyətinin üzvü əlavə edib ki, "Fraksiya müxtəlif düşərgələrə mənsub olan millət vəkillərini bir araya gətirir və onların arasında güclü birlik yaradır. Bu birlik ölkə vilayətlərinə diqqəti artıracaq və onların arasında vəsaitin ədalətli şəkildə paylanmasına yardımçı olacaq.”
Qeyd edək ki, bundan öncəki parlamentlərdə türk millət vəkilləri xüsusi bir Fraksiyada bir araya gəlməyib və onların arasında ciddi bir birlik müşahidə olunmayıb. Şərhçilər sözügedən Fraksiyanın yaradılmasını milli birlik uğrunda atılmış bir addım kimi qiymətləndirir.
 

.