Qətərli vasitəçi gərginliyin azaldılması məqsədilə Məşhədə səfər edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi regiondakı son vəziyyətlə bağlı müzakirələr aparmaq üçün qətərli vasitəçinin Məşhədə səfər etdiyini açıqlayıb.
Bəqayi dövlət televiziyasına müsahibəsində ABŞ rəsmilərinin danışıqlar və atəşkəslə bağlı iddialarına münasibət bildirərək deyib ki, İran ABŞ-la danışıqlar aparmaq üçün heç bir müraciət etməyib.
O bildirib: “Lakin hər zaman nümayiş etdirdiyimiz məsuliyyətli yanaşmaya uyğun olaraq, regional vasitəçilərdən birinin İrana səfər edərək son vəziyyətlə bağlı müzakirələr aparmaq istəyini rədd etmədik. Bu səfər cümə günü Məşhəddə baş tutdu və biz öz mövqeyimizi və baxışlarımızı Qətər tərəfinə çatdırdıq”.
İran XİN sözçüsü ABŞ-ın son addımlarına toxunaraq qeyd edib ki, öhdəlikləri pozmaq amerikalıların adətidir və imzalanmasından cəmi 22 gün keçən memorandum ABŞ tərəfindən müxtəlif bəndlərinin pozulması ilə üzləşib.
Bəqayi vurğulayıb ki, çərşənbə və cümə axşamı baş verən hadisələr memorandumun birinci və ikinci bəndlərinin kobud şəkildə pozulması olub. Onun sözlərinə görə, İran neftinin satışına dair qərarın ləğvi memorandumun digər bir bəndinin açıq şəkildə pozulmasıdır və sonradan yeni sanksiyaların tətbiqi barədə verilən qərar da sənədin doqquzuncu bəndinin birbaşa pozulması hesab olunur.
“Bu 14 bəndin müxtəlif hissələri ABŞ tərəfindən müxtəlif bəhanələrlə pozulub”, – deyə o əlavə edib.
Bəqayi bildirib ki, İran əvvəldən “öhdəliyə qarşı öhdəlik” prinsipini açıq şəkildə bəyan edib: “Bu o deməkdir ki, qarşılıq olmadan heç bir öhdəliyi yerinə yetirməyəcəyik. Qarşı tərəf öhdəliklərini pozarsa, necə ki pozub, İran İslam Respublikası da müvafiq addımlar atacaq. Bu yanaşma gələcəkdə də davam etdiriləcək”.
Sözçü sonda İranın xarici işlər naziri Abbas Əraqçinin Omana səfərinə toxunaraq bildirib ki, bu səfər Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına yardım məqsədilə aparılan məsləhətləşmələrin davamıdır.
Qeyd edək ki, bundan əvvəl anonim ABŞ rəsmisi CNN-ə qətərli vasitəçilərin ABŞ və İran arasında gərginliyi azaltmaq məqsədilə İrana səfər etdiyini açıqlamışdı.
.
