İran Prezidenti Məsud Pezeşkian Milli Elit Fonduna yeni rəhbər təyin edib.

Yenizaman “Mehr”agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumət başçısı müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, prezidentin elm, texnologiya və iqtisadiyyat üzrə müavini Hüseyn Afşin Milli Elit Fondunun rəhbəri təyin edilib.

O, 1980-ci ildə İranın İsfahan bölgəsində anadan olub. Hüseyn Afşin maşınqayırma üzrə doktorluq dərəcəsi alıb. O, Şərif Texnologiya Universitetinin professorudur.

Hüseyn Şərif bu universitetdə Enerji, Su və Ətraf Mühit Elmləri və Texnologiyaları Tədqiqat İnstitutunun rəhbəri, İslam Şurası Araşdırma Mərkəzinin İnfrastruktur, əməliyyatlar üzrə vitse-prezidenti, Tələbə Şurasının vitse-prezidenti, Şərif Texnologiya Universitetinin prorektoru kimi vəzifələrdə işləyib.

Milli Elit Fondu 2005-ci ildə elan edilsə də, fəaliyyətə 2006-cı ildən başlayıb.

Fondun yaradılmasında məqsəd bilik və texnologiya istehsalı səviyyəsinin yüksəldilməsi, elmin tarazlı inkişafı üçün milli intellektual elitanın müəyyənləşməsi, istiqamətləndirilməsi, müxtəlif növ dəstəyin göstərilməsi, qorunması və istifadəsi strategiyasını planlaşdırmaq, inkişaf etdirməkdir. Ölkənin 2025-ci ilə qədər uzunmüddətli inkişaf planına uyğun olaraq əsas hədəfi regional səviyyədə elm, texnologiya və iqtisadiyyat sahəsində daha yüksək statusa nail olmaqdır. Nizamnaməyə əsasən, prezidentin elm, təhsil və texnologiya üzrə müavini fondun sədri təyin edilir.

.