İran Hörmüz boğazının regional əsasda birgə idarə olunması ilə bağlı Omanın təklifini rədd edib.

Bu barədə yüksək vəzifəli İran rəsmisi "Reuters" agentliyinə bildirib.

Məlumata görə, bu qərar aylardır Fars körfəzi vasitəsilə ticarəti iflic vəziyyətinə salan böhranın həlli ilə bağlı ümidləri azaldıb.

Bildirilib ki, Oman ABŞ və İsrailin fevral ayında İrana zərbələr endirməsindən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi strateji Hörmüz boğazı ətrafındakı gərginliyi aradan qaldırmaq məqsədilə yeni regional razılaşma təklif edib.

Lakin Tehran təşəbbüsün uğur qazanmaq şansının olmadığını bildirərək, təklifi qəbul etməyib.

İran rəsmisinin sözlərinə görə, ABŞ və Səudiyyə Ərəbistanı Hörmüz boğazı ilə bağlı "reallıqdan uzaq planlarını" həyata keçirmək üçün Omana təzyiq göstərirlər.

O bildirib ki, İran boğazın giriş marşrutunun tam, çıxış marşrutunun isə bir hissəsinin Tehranın nəzarətində qalmasında israrlıdır.

Rəsmi əlavə edib ki, Hörmüz boğazına Omanla 50/50 prinsipi əsasında birgə nəzarət mexanizmi İranın maraqlarına uyğun deyil. Bununla yanaşı, Tehran Omanı dəyərli qonşu hesab etdiyini vurğulayıb.

Bu arada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, qüvvələri Hörmüz boğazında "təhlükəli və qanunsuz marşrut" üzrə hərəkət etdikləri barədə xəbərdarlıqlara məhəl qoymayan üç neft tankerinə zərbə endirib və onları dayanmağa məcbur edib.

.