İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 28-də saat 04 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirmək məqsədilə Azərbaycandan İran istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu 1-ci Şahsevən kənd sakinləri - Quliyev İbrahim Teymur oğlu və Əhmədov Ceyhun Rza oğlu saxlanılmış, üzərlərinə baxış keçirilən zaman snayper silahları üçün nəzərdə tutulan 1 ədəd universal termal nişangahı aşkar edilərək götürülüb.
Bundan başqa, may ayının 29-da saat 03:50-də “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, narkotik vasitələri qanunsuz olaraq İrandan Azərbaycan istiqamətinə gətirmək məqsədilə dövlət sərhədini pozan Tərtər rayon sakini Tanrıverdiyev Kamil Firuddin oğlu və Samux rayon sakini İbrahimli Ramiz Akif oğlu saxlanılıb.
Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman ümumi çəkisi 9 kiloqram 842 qram narkotik vasitə (9 kiloqram 812 qram marixuana və 30 qram tiryək) aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
.